9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir
Bu gün məktəbimizdə 9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin pedaqoji heyəti, şagird kollektivi, valideynlərdən nümayəndələr iştirak etmişdir. Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mikayılov Şakir faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanlıların xüsusi qəhrəmanlığından, Bakı neftinin və neftçilərinin qələbənin qazanılmasında mühüm rolundan danışmışdır. O həmçinin qeyd etmişdir ki, müharibə illərində döyüşən ordunun benzinə olan ehtiyacının 80 faizini, sürtkü yağlarının isə 90 faizini Azərbaycan təmin edirdi. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Daha sonra məktəbin tarix müəllimləri Sadıqova Səkinənin və Zeynalova Aygünün Böyük Vətən Müharibəsi dövrününün çətinliklərinə, ölkəmizin qələbənin qazanılmasındakı roluna aid olan mərzuələri dinlənildi. Natiqlər tədbir iştirakçılarının nəzərinə çatdırdılar ki, Azərbaycanın üç min ildən artıq dövrü əhatə edən dövlətçilik tarixində adları fəxrlə çəkilən görkəmli şəxsiyyətləri, mərd oğulları çox olmuşdur. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən artıq mərd oğlu və qızı qanlı müharibəyə yollanmış, onlardan 350 minə yaxını qələbə uğrunda canlarından keçərək qəhrəmancasına həlak olmuşlar. Sovet hakimiyyəti illərində yürüdülən ayrı-seçkilik siyasətinə baxmayaraq, öz bacarığı, savadı və qətiyyəti sayəsində hətta general rütbəsinə yüksəlmiş, Sovet İttifaqı Qəhrəmanı adı almış qeyrətli Azərbaycan oğulları belə şəxsiyyətlərdəndir. Onlar xüsusi vurğulamışlar ki, Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Qafur Məmmədovun və digər qəhrəmanlarımızın şanlı həyat və döyüş yolu bugünkü gənc nəsil üçün parlaq örnəkdir. Daha sonra tədbir yuxarı sinif şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam etdi. Tədbirin bədii hissəsində tədbir iştirakçılarının böyük marağına, gurultulu alqışlarına səbəb olan, vətənpərvərlik, qələbə, milli məfkurəmizin, qəhrəmanlığımızın təsvirinə aid şeir və mahnılar səsləndirilmiş, səhnəciklər nümayiş etdirilmişdir.