20 yanvar tariximizin Qəhrəmanlıq səhifəsidir
Bu gün məktəbimizdə 20 Yanvar 1990-cı il hadisələrinin 27-ci ildönümünü, həmin gün şəhid olan insanları yad etmək məqsədilə müəllim və şagirdlərimizin iştirakı ilə növbəti dəyirmi masa keçirildi. İlk öncə dövlət himnimiz səsləndirildikdən sonra, şəhidlərimizin əziz xatirəsi, ruhu bir dəqiqiəlik sükutla yad edildi. Daha sonra çıxış edən məktəb direktorumuz Mikayılov Şakir həmin gün baş vermiş hadisələr haqqında tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, həmin gün Azərbaycan tarixinə qara hərflərlə yazılan bir gün oldu. 20 Yanvar gecəsi neçə-neçə azərbaycanlı ailəsinin çırağı söndü, neçə ailə başsız qaldı, neçə ata ananın, balaca övladların gözü yaşlı qaldı. Həmin gecə xatirələrdə silinməz izlər qoydu. Allah elə bir gecəni Azərbaycan tarixinə yazmasın bir daha. Sonra çıxış üçün söz məktəbimizin tarix müəllimi Sadıxova Səkinəyə verildi. O da öz növbəsində həmin gecəylə bağlı xatirələrini danışdı. Həmçinin qeyd etdi ki, 20 yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu, azadlıq üçün ölümündən qorxmadığını nümayiş etdirir. Bu hadisələrlə bağlı səhnəciklərlə çıxış edən şagirdlər bildirdilər ki, onlar həmin gecənin şahidi olmasalar da, müəllimlərinin, şahidlərin dilindən eşitdikləri dəhşətlər, kitablardan oxuduqları acı faktlar ürəklərini parçalayaraq hadisələrin gedişatını gözləri önündə canlandırır. Tədbirin yekununda şagirdlərimiz mövzu ətrafında hazırladıqları video görüntüləri nümayiş etdirdilər.