Məktəbimizdə ümummilli liderimiz Heydər Əliyevin vəfatının 13-cü ildönümü münasibətilə "Nəsillərə Örnək İnsan" adlı anım tədbiri keçirildi
Azərbaycan xalqının Ümummilli lideri, dahi Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar məktəbimizdə tədbir keçirilmişdir. Təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə başladıqdan sonra ilk öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan məktəb- direktorumuz Mikayılov Şakir ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən və azərbaycançılıq ideyalarından bəhs etdi. O qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış hərtərəfli inkişafına nail olmuşdur. Kiçik bir dövləti öz siyasəti ilə dünyada tanınan nüfuzlu bir dövlətə çevirmişdir. Tədbirdə məktəbimizin dil ədəbiyyat müəllimi Alxasova Sevda Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu haqqında məruzə ilə çıxış etdi. O, bildirdi ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş etdirildi. İnformatika müəllimimiz Süleymanova Səmayə H. Əliyevin siyasi fəaliyyəti haqqında mühüm məqamları qeyd edərək şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyətindən fraqmetləri özündə əks etdirən şəkil albomunu nümayiş etdirdi. Daha sonra tədbirdə şagirdlərimizin dahi lider haqqında məruzələri dinlənildi. Çıxış edən şagirdlər Heydər Əliyevin təhsilimizə dəstəyini xüsusilə qeyd etdilər. Bütün çıxışlarda müstəqil Azərbaycan Respublikasının məhz Heydər Əliyevin xidmətləri sayəsində günü-gündən qüdrətləndiyi, vətəndaşların sosial rifahının durmadan yüksəldiyini, beynəlxalq aləmdə nüfuzunun getdikcə artan demokratik bir dövlətə çevrildiyi qeyd edilirdi. Həmçinin Ulu Öndərimizin uşaqları çox sevdiyi, sağlam böyüməsi, düzgün tərbiyə olunması naminə əvəzsiz xidmətlərindən də danışıldı. Tədbir Heydər Əliyevin də çox sevdiyi "Azərbaycan" mahnısının səsləndirilməsi ilə yekunlaşdı.