Xalça Muzeyinə Ekskursiya
23.04.2015-ci il tarixində məktəbimizin VIII, IX və X sinif şagirdləri məktəbin tarix müəlliməsi, ekskursiyanın təşkilatçısı və həyata keçirilməsinin əsas səbəbkarı olan Zeynalova Aygünün və ibtidai sinif müəlliməsi Əliyeva Nigarın rəhbərliyi ilə Azərbaycan Xalça Muzeyində ekskursiyada oldular. Ekskursiyanın təşkil edilməsində əsas məqsəd xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrənmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsildə incə estetik zövq formalaşdırmaq, onları maarifləndimək idi. Azərbaycan xalçalarının bütün dünyada əfsanəyə çevrildiyi, milyonların ürəyini fəth etdiyi məlumdur. Azərbaycan Dövlət Xalça Muzeyində Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanıb. Şagirdlər muzeydə toplanmış xalq tətbiqi sənəti nümunələrilə tanış olaraq, maraqlı məlumatlar aldılar. Bizim hər birimiz öz qədim mədəniyyətimizi dərindən öyrənməliyik, geniş bilik dairəsinə malik olmalıyıq ki, gələcək nəsillərə də öz bildiklərimizi öyrədə bilək. Bu baxımdan Xalça muzeyi və şəhərimizdə yerləşən digər gözəl və maraqlı təbliğat məkanlarının mövcudluğu bizə böyük stimuldur. Şagirdlərimizi bu istiqamətdə maarifləndirmək bizə hər zaman böyük mənəvi zövq verir. Biz öz mədəniyyətimizi, tariximizi nə qədər yaxşı bilsək,onu bir o qədər də çox yaxşı şəkildə dünyada təbliğ edə bilərik.