"Son zəng" qeyd olundu
İyunun 14-də ölkəmizin hər bir guşəsində olduğu kimi 168 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirildi. Son zəngin vurulması ilə 2021-2022-cı dərs ilinin başa çatması qeyd olundu, məktəbin 11-ci sinif şagirdləri məzun adını qazanaraq doğma məktəbə vida etdilər. Məzunlar üçün təşkil olunan tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edərək məzunları təbrik etdilər. İlk olaraq tədbirdə himn səsləndirildi. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təbrik üçün ilk söz məktəbin direktoru Mehparə Mansırovaya verildi. O öz çıxışında tədbir iştirakçılarına məktəbin nailiyyətlərindən, adlı-sanlı qabaqcıl müəllimlərindən bəhs etdi, məzunları təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov, İctimai-Siyasi və Humanitar məsələlər şõbəsinin baş məslətçisi Anar Babayev iştirak etdilər. Vəzir Səfixanov çıxış edərək 168 saylı tam orta məktəbin rayonun ən qabaqcıl məktəblərindən biri olduğunu qeyd etdi. Tədbirin davamı prosesində çıxış edən məzunların valideynləri öz çıxışlarında müəllimliyin necə çətin bir peşə olduğunu qeyd etdilər. Onlar bütün müəllimlərə öz minnətdarlığını bildirərək onlara öz çətin və məsuliyyətli işlərində uğurlar arzuladılar. Tədbir məzunların hazırladıqları musiqi və rəqslərlə davam etdi. Tədbirin yekununda məktəbin simvolik “Bilik Açarı”nı məzunlar birinci sinif şagirdlərinə təhvil verdilər. Sonda Son zəng səsləndi.