“Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir.
Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz mübarizəsinə və əməli köməyinə böyük ehtiyac vardır. Elə bu fikirləri rəhbər tutaraq 6 aprel 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və 168 №li tam orta məktəbin birgə təşəbbüsü və təşkilatçılığının nəticəsi olaraq məktəbimizin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə onların maarifləndirilməsi istiqamətində “Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mikayılov Şakir məsələnin bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri olduğunu tədbir iştirakçılarını diqqətinə çatdırıb. Natiq cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən “ağ ölüm”lə mübarizədə yeniyetmə və gənclər arasında mütəmadi olaraq maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bu sahədə təhsil müəssisələrinin, mədəni-maarif ocaqlarının, idman təşkilatlarının, ictimaiyyətin rolundan bəhs edib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Cəlil Mirzəyevin “Narkomaniyanın fəsadları”, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynovun “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə”, Polis idarəsinin rəis müavini Fəxrəddin Babayevin “Narkomaniyaya qarşı mübarizədə polisin rolu və vəzifələri”, Veteranlar Şurasının sədri Elçin Əmirovun “Cəmiyyət arasında və ailədə narkotik istifadəçilərinin çəkdikləri bəlalar” mövzularında məruzələri dinlənilib. Tədbirin yekunununda şagirdləri mövzu ilə bağlı maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.