Pirallahı rayon müəllimlərinin sentyabr konfransı keçirildi
Sentyabrın 14-də Pirallahı RİH-ti tərəfindən təşkil olunmuş, 2015-2016-cı tədris ilinin yekunlarına və 2016-2017-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantaları və digər məktəb ləvazimatları paylanıldı. Dövlət Proqramına əsasən əvvəl əsaslı təmir edilmiş 168 №-li tam orta məktəbin akt zalında baş tutan tədbirdə Pirallahı RİH, eləcə də digər idarə və müəssisələrin rəhbərlikləri və məsul əməkdaşları, rayonun orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələr və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verildi. Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi. İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən, çatışmazlıqlardan söz açan natiq Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2015-2016-cı tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 195 məzundan 128 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 71 nəfəri tələbə adını qazanmışdır. Bunlardan 38 nəfəri 168 saylı tam orta məktəbin məzunudur. Bu səbəbdən də 168 saylı tam orta məktəb həm qəbul imtahanlarının nəticələrinə, həm də ən yüksək bal göstəricisinə görə rayon məktəbləri arasında illərdir ki, liderliyini qoruyub saxlayır. Rayon üzrə sənəd verənlərin sayına nisbətən qəbul 55% olmuşdur. Ali məktəblərə qəbul olanlar sayı keçən illə müqayisədə 13 nəfər artmışdır. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Belə ki, keçən il bu rəqəm 6 idisə, bu il 13 nəfərə yüksəlmişdir. Ali məktəblərə qəbul olanların 18%-i (13 nəfər) 500-600 arası bal toplamışdır. Ən yüksək nəticəni isə 635 balla 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova göstərmişdir. Daha sonra çıxış edən məktəbimizin məzunu Rəşidə Əsədova dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident cənab İlham Əliyevə, 168 aylı tam orta məktəbin direktoru Şakir müəllim başda olmaqla bütün pedaqoji kollektivə öz dərin minnətdarlığını bildirmiş, yeni dərs ilində rayonun pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzulamışdır. Tədbirin yekununda rayon üzrə 550-dən çox bal toplamış məzunların Pirallahı RİH-ti tərəfindən fəxri fərmanlarla mükafatlandırılması mərasimi keçirilmişdir.