2015/2016-cı tədris ilinin yekunundakı nəticələrimiz təhsilimizin uğurudur
Artıq 2015\2016-cı dərs ili üzrə buraxılış imtahanları geridə qalıb. Təbii ki, buraxılış imtahanlarının nəticələri hər bir təhsil müəssisəsinin təlim nəticələrinin, tədris keyfiyyətinin göstəricisi kimi dəyərləndirilə bilər. Bu il isə bu nəticələrdə istər ölkə üzrə, istərsə də məktəbimizdə artım olub. Təhsil Nazirliyi, BŞTİ tərəfindən ümumtəhsil üzrə inkişafyönümlü tədbirlərin həyata keçirilməsi - müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim texnologiyalarından istifadə etməklə fəal-interaktiv təlim metodlarına əsaslanan dərslərin tətbiqi, tədrisin keyfiyyətinə nəzarət məqsədilə müxtəlif monitorinqlərin, sınaq qiymətləndirmələrinin təşkili, istedadlı, həmçinin, zəif oxuyan şagirdlər üçün müxtəlif tədris proqramlarının hazırlanması sayəsində respublikada buraxılış imtahanları üzrə nəticələrdə əsaslı dəyişikliyə nail olunub. Təhsil sahəsində aparılan ciddi islahatlar, həmçinin, məktəbimizdə bu islahatların reallaşması istiqamətində atılan addımları buraxılış imtahanlarının nəticələrinin müsbətə doğru dəyişməsinə təsir edən amillər hesab edirik. Faktlara istinad etsək görərik ki, məktəbimizin pedaqoji kollektivi bu sahədə də bəzi uğurlara nail olub. Belə ki, 2015/2016-cı dərs ilində məktəbimizi 63 məzun bitirmiş, onlardan 50 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. İmtahanların yekun nəticələrinə görə isə 38 nəfər məzunumuz ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsilini davam etdirmək üçün tələbə adına layiq görülmüşdür. Onlardan 12 nəfəri 500-dən çox bal toplamışdır. M. Raqib (500 bal), Q. Sücayə (514 bal), Z. Gülüm (534 bal), A. Sadıx (579 bal), S. İnarə (590 bal), P. Səbinə (561 bal) və digərləri bizim zəhmətimizin bəhrəsi, fəxrlərimiz olan şagirdlərimizdir. Pirallahı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticə göstərərək 635 bal toplayan Əsədova Rəşidə də məhz bizim məktəbimizin məzunudur. Qeyd edək ki, artıq neçə ildir ki, məktəbimizin şagirdləri rayon üzrə həm qəbul faizinə, həm də ən yüksək nəticə göstəricisinə görə liderliyi qoruyub saxlayırlar. Buna baxmayaraq, bu ilki nəticələrimizin ötən illərlə müqayisədə yüksək olması bizi heç də arxayınlaşdırmır. Çünki məqsədimiz müvəffəqiyyət faizinin deyil, keyfiyyət faizinin daha da yüksəldilməsidir. 168 saylı tam orta məktəbin pedaqoji kollektivi olaraq biz yaxın gələcəkdə də nəticələrimizin daha da yüksəlməsinə çalışacağıq. Hər bir məktəbin təhsil nəticələrindəki yüksəliş isə Azərbaycan təhsilinin uğuru, inkişafı deməkdir.