Əsgərə məktubun izi ilə
Düz bir il bundan öncə "Əsgərə məktub" layihəsi başlanmışdı. Bu layihəyə məktəbimizin indiki 5ç sinif şagirdləri də qoşulmuşdu. Hər şagird bir məktub yazdı. Yazılan məktublara cavab gələnlər də oldu, yolu gözlənənlər də..
İndi həmin sinif məktub yazılıb , yolu gözlənən Şəhid Maarif Əliyevin adını daşıyır.
Həyat sürprizlərlə doludur. Bu gün 5ç sinfinin daha bir şagirdinin (Müzəffərli Fatimə) əsgərə yazdığı məktubuna cavab gəldi. Çox şükür, bu cavab ürəkaçan, daha sevindirici cavab oldu. Şuşa fatehi qazi İlham Əliyev. O da demişdi:" Sağ qayıtsam , o məktəblini tapacam". Söz verdiyi kimi bu gün Fatimənin görüşünə gəldi. Qazimizin ilk sözü "Qardaşın gəldi" oldu Fatiməyə. Çünki Fatimə məktubda "Mənim qardaşım yoxdur, mənim qardaşım olarsınız?" yazmişdi əsgərə.
Qazi İlham Əliyevlə bir neçə qazi də qonaq gəlmişdi məktəbimizə.
Bu qazilər həm də , şəhid Maarif Əliyevin döyüş yoldaşları olub.Maarifin müharibədə göstərdiyi igidliyindən, qəhrəmanlığından şagirdlərə geniş məlumat verdilər.
Həmin saat dərsimiz Azərbaycan Tarixi idi , elə mövzumuz da "Qədim Azərbaycan torpağı -Qarabağ " idi. Onun qədimliyindən bəhs edirdi.
Bu mövzunu fənn müəlliminin deyil, onların keçməsi xahiş olundu.
Onlar bu mövzunu elə dəqiq izah etdilər ki, heç zaman şagirdlərin xatirəsindən silinməyəcək.
Sonda qazilərimiz şagirdlərə öz tövsiyələrini də verdilər. "Sizə - gələcək nəsillərə Qalib Azərbaycan təhvil veririk. Onu qoruyun! " söylədilər
Qarabağ Azərbaycandır!