I A sinif şagirdlərinin Əlifba bayramı keçirildi
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə məktəbimizin I a sinfinin “32 hərfin möcüzəsi” adlı bayram tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himininin sədaları altında əllərində dövlətimizin anlı-şanlı, üçrəngli bayrağını dalğalandıran birincilərimizin müəllimələri Əmirova Xırdaxanımın rəhbərliyi ilə məclisə daxil olmaları ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mikayılov Şakir birinciləri Əlifba bayramı münasibətilə təbrik etmiş, onlara gələcək təhsil illərində uğurlar arzulamışdır. Daha sonra çıxış edən Xanım müəllimə şagirdlərini və valideynləri bu əlamətdar bayram münasibətilə təbrik etdi, onlara həyatda can sağlığı, dərslərində müvəffəqiyyətlər arzuladı. Kiçik balalarının səslərinin hər zaman yüksəklərdən gəlməsini, həmişə Vətənə millətə xeyirli övlad olmalarını dilədi. Birincilər dərs ilinin sonunadək aldıqları bilik və bacarıqlarını nümayiş etdirərək, bir ildə öyrəndikərinin hesabatını 1 gündə verməyə çalışdılar. Onların hər birinin simasında çaşqınlıqla qarışmış sevinc hissi, bir az da narahatlıq hiss olunurdu. Axı bu gün müəllimlərinin və valieynlərinin qarşısında il ərzində öyrəndiklərinin hesabatını verəcəkdilər. Müəllimlərinin onlara verdiyi bilik və bacarıq, təlim-tərbiyə bu gün onların davranışında da özünü göstərdi. Dilli-dilavər uşaqların onlara verilən rolları məharətlə oynamaları özlərindən çox Xanım müəllimənin əməyinin bəhrəsi idi. Uşaqların xüsusi intonasiya və pafosla söylədikləri Vətənə, anaya, müəllimə aid şeirləri valideynlər və müəllimlərin xüsusi marağına səbəb oldu. Şeir deyib mahnı oxumaqdan bir an belə yorulmayan məktəblilərin verdiyi bu hesabat tədbirində bir daha sübut olundu ki, Vətənin gələcəyi etibarlı əllərdədir. Uşaqların belə gözəl çıxışlarını görən valideynlərin qürur hissi gözlərindən oxunurdu. Dünənə kimi utancaq, nazlı, küsəyən övladlarının bu gün sərbəst şəkildə özlərini ifadə etdiklərini və müəyyən kütlə qarşısında utanıb sıxılmadan istedadlarını nümayiş etdirə bilmələri anaların ikiqat sevincinə səbəb oldu. Çıxış edən valideynlər övladlarının il ərzində qazandıqları bilik, bacarıqlardan məmnunluqlarını bildirməklə Xanım müəlliməyə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonda bayram tədbirində iştirak edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Vüsal Babayev və Lalə xanım tədbirin təşkilindən, gedişatından çox razı qaldıqlarını bildirmiş, bu işdə çox böyük zəhməti olan Xanım müəlliməyə təşəkkürlərini bildirmiş, şagirdləri I sinfi bitirmələri münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar.