"İnsan hüquqlarının pozulmasının qarşısını alaq" mövzusunda dəyirmi masa keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçirilir. Hər il bu aylıq çərçivəsində dövlət qurumlarında, eləcə də ümumtəhsil müəssisələridə insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir. Buna uyğun olaraq 31 may 2016-cı il tarixində məktəbimizin tarix müəlliməsi Sadıqova Səkinənin rəhbərliyi altında yuxarı sinif şagirdlərinin iştirakı ilə " İnsan hüquqlarının pozulmasının qarşısını alaq " mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səkinə müəllimə mövzuya aid məruzə ilə çıxış edib və ölkəmizdə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” haqqında danışıb. Daha sonra çıxış edən məktəbin direktoru Mikayılov Şakir insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə danışmışdır. Tədbirin davamı prosesində “Dəyirmi masa”da mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb. Milli Fəaliyyət Proqramında normativ hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik, maarifləndirmə və insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə tədbirlərin keçirilməsinin vacibliyi və əhəmiyyəti məsələləri müzakirə edilib. Tədbirin yekununda Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Lalə xanım çıxış edərək Pirallahı rayon İcra Hakimiyyətinin rəhbərliyi adından məktəbimizin pedaqoji kolllektivinə öz təşəkkürünü bildirmiş, belə tədbirlərin şagirdlərin dünyagörüşünün, hüquqi biliklərinin artmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır.