VI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi
Bildiyimiz kimi, son zamanlar mütəmadi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil pilləsi üzrə təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Buna uyğun olaraq ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti barədə geniş məlumat əldə etmək, nəticələrin müqayisəli təhlilini aparmaq və çatışmazlıqları müəyyən etmək məqsədilə iyun ayının 4 və 11-i 2016-cı il tarixlərində Bakı şəhərində yerləşən bütün ümumtəhsil müəssisələrinin VI sinifləri üzrə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə məktəbdaxili qiymətləndirmənin təşkili nəzərdə tutulmuşdur. 26 may 2016-cı il tarixində məktəbimizin direktoru Mikayılov Şakir qiymətləndirmə prosesinin təşkili və həyata keçirilməsi qaydaları haqqında VI sinif şagirdlərinin valideynlərini məlumatlandırmaq, maarifləndirmək məqsədilə şəxsən özü onlarla görüş keçirmişdir. Şakir müəllim görüşdə həmçinin VI siniflərdə təhsilin kefiyyət səviyyəsi, təlim tərbiyə prosesi, şagirdlərin nizam - intizam qaydaları, dərsə davamiyyət məsələləri haqda da geniş məlumat vermişdir. O, məktəbin nizam intizam qaydalarına riayət etməyin hər bir şagirdin borcu olduğunu, keyfiyyətli təhsilin təməlinin təlim tərbiyədən başlandığını söyləmişdir. Valideyin dəstəyinin, məktəblə əməkdaşlığının gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində böyük rol oynadığını xüsusi vurğulamışdır. İclasın sonunda valideynlərin suallarına cavab verildi, problemli situasiyalar məktəb rəhbərliyi, sinif rəhbəri tərəfindən müzakirə olundu.