“Laçın Azərbaycanın qədim diyarıdır” mövzusunda dəyirmi masa keçirildi
Laçın rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı məktəbimizdə “Laçın Azərbaycanın qədim diyarıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbir məktəbin tarix müəllimi Sadıqova Səkinənin təşkilatçılığı və rəhərliyi ilə keçib. Dəyirmi masada yuxarı sinif şagirdləri və müəllimlər, məktəb rəhbərliyi, həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Səkinə müəllimə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir. Daha sonra o, Laçının işğalı ilə bağlı məlumat verərək bildirmişdir ki, erməni terrorçuları 1992-ci il mayın 17-də Laçın rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. O, Laçının işğalı nəticəsində Azərbaycana 7,1 milyard dollar məbləğində maddi ziyanın dəydiyini deyib. Laçının qədim mədəniyyət, memarlıq və dini abidələrlə zəngin olduğunu söyləyən natiq, bu abidələrin hamısının ermənilər tərəfindən qarət edildiyini, erməniləşdirildiyini vurğulayıb: “Digər işğal olunmuş ərazilərlə müqayisədə Laçın rayonunda erməniləşdirmə daha çox aparılıb. 10 mindən çox erməni Laçında məskunlaşdırılıb, adı dəyişdirilib, erməni kilsələri tikilib”. Daha sonra Səkinə müəllimə bu vaxta qədər adları və görünüşü dəyişdirilmiş tarixi və dini abidələrin fotolarını tədbir iştirakçılarına nümayiş etdirib. Tədbirdə daha sonra çıxış edən, məktəbin direktoru Mikayılov Şakir qeyd edib ki, işğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.Tədbir şagirdlərin tədbir iştirakçılarına ünvanladığı suallar, müzakirələr ətrafında davam edib.