Xoş gəlmisən, Novruzum
Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Keçmişimizi bu günümüzlə bağlayan, onu qoruyaraq gələcəyə aparan Novruz milli-mənəvi dəyərlərimizin təcəssümüdür. 168 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Baharın, Novruzun gəlişinə böyük bayram ovqatı, ruh yüksəkliyi, sevinc və həvəslə özünəməxsus şəkildə ciddi hazırlaşır. Artıq neçə gündür ki, ayrı-ayrı siniflərdə qeyd edilən Novruz bayramı bu gün məktəbəqədər hazırlıq kursunun kiçikyaşlı uşaqlar kollektivindən tutmuş məktəbin 11-ci siniflərinədək bütün şagird kontingentinin iştirakı ilə ümumməktəb tədbiri səviyyəsində böyük təntənə, coşqu ilə, əsl bayram abu havasında qeyd edilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şakir müəllim məktəbin bütün müəllim və şagird kollektivini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, Novruzun xalqımız üçün necə əhəmiyyətli, qəlbləri sevindirən, yeni həyat gətirən bayram olduğundan danışaraq qeyd etmişdir ki, Novruz Azərbaycan xalqının gələcəyə inam hissini, ürək açıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplayır. Tədbirdə bayram xonçaları qədim adət-ənənələrə uyğun şəkildə şagird və müəllimlərin birgə iştirakı ilə hazırlanmış, şagirdlərin bir-birindən maraqlı çıxışları, rəqsləri, ifaları, şeirləri, məişət səhnələri hamının marağına səbəb olmuşdur. Novruzun simvolu olan Bahar qızın, Kosa və Keçəlin gəlişi bütün tədbir iştirakçılarına sevinc bəxş etmiş, xoş anlar yaşatmışdır. Məktəbin musiqiçilər və rəqqaslar qrupunun bir-birindən gözəl ifaları isə tədbiri unudulmaz xoş xatirəyə çevirmişdir. Şənlik böyük coşqu və ruh yüksəkliyi ilə davam edərək şən, oynaq musiqi sədaları altında başa çatmışdır.