Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin Cənab Prezidentə təşəkkür məktubu

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova Cənab Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
Sevda Alxasovadan, Bakı, Azərbaycan
Möhtərəm və dəyərli Prezidentimiz.
Əvvəlcə onu deyim ki, ailəmin və yaşadığım Pirallahı rayonu 168 saylı məktəbin müəllim kollektivinin Sizə və ailənizə bu müqəddəs Ramazan ayında duaları vardır.
Pandemiyanın ilk vaxtlarında çox təlaşlı günlər yaşadım. Ermənilərin Qarabağda Şuşa və Laçını işğal edərkən Alazan tipli raketlərlə evlərimizi bombaladığının şahidi olmuşam. Körpələrimi götürüb evimizin zirzəmisində qalmışam, ancaq qorxmamışam. Bu gözəgörünməz düşməndən çox qorxdum. Televizorda xəbərləri izləyəndə Sizin çox möhtəşəm, inamlı və qürurverici nitqiniz, dəyərli Birinci vitse-prezidentimiz Mehriban xanımın müraciəti mənə bir ümid, təsəlli oldu. “Uca Allahımıza şükür olsun!”, - deyərək əmin oldum ki, ölkəmizin taleyi etibarlı əllərdədir. Ulu Öndərimizin yaratdığı müasir müstəqil Azərbaycan onun şah əsəridir. Siz isə bu şah əsərin növbəti layiqli səhifələrini yazan ədalətli, mətin və mübarizələrdən qalib çıxmağı bacaran Lidersiniz.
Cənab Prezident, Siz hadisələri gecə-gündüz nəzarətdə saxlamaqla, lazımi tapşırıqlar verməklə bu bəlanın təsirlərini minimuma endirə bildiniz və hər bir vətəndaşınızın yanında olmağı bacardınız. Mən və eləcə də mənim kimi minlərlə insan Sizin bu xeyirxah əməllərinizin canlı şahidləriyik. Bütün bunları saymaqla bitirmək, bir məktuba sığdırmaq mümkün deyil. Bu gün dünyaya meydan oxuyan pandemiya göydə Uca Allahımızın, yerdə Sizin sayənizdə Azərbaycanda tüğyan edə bilmədi. Nə yaxşı ki, varsınız...
Allah Sizi və ailənizi, Azərbaycanımızı qorusun.
Hörmətlə,
Alxasova Sevda Ayaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.