Növbəti diaqnostik qiymətləndirmə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş məktəb seminarlarında qeyd edildiyi kimi, 9-cu siniflərdə keyfiyyətin artırılması məqsədi ilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili nəzərdə tutulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən ilk diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən zəif nəticə göstərmiş 9-cu sinif şagirdləri ilə daha səmərəli təlim fəaliyyəti aparmaq məqsədi ilə sistemli və ardıcıl, nəticəyönümlü fəaliyyət təşkil etmək üçün əlavə dərslər təşkil olunur. Zəif təlim göstəricisi müəyyən olunmuş şagirdlər fənn üzrə qruplaşdırılıb, əlavə məşğələlər üçün cədvəl müəyyən edilib, buraxılış imtahanı fənlərinin hər birindən əlavə məşğələlərə cəlb ediliblər.
Yanvarın 24-də zəif nəticə göstərmiş şagirdlərin iştirakı ilə Azərbaycan dili, riyaziyyat və xarici dil (rus dili) fənləri üzrə növbəti sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin buraxılış imtahanına hazırlıq səviyyəsinin yoxlanılmasıdır. Şagirdlər hər fəndən 30 test tapşırığını 3 akademik saat ərzində cavablandırıblar.