Məktəbəqədər hazırlıq kursunda I sinfə hazırlaşan körpə fidanlarımızın analarına 8 Mart təbriki
8 Mart Beynəlxalq Qadınlar günü hər il olduğu kimi bu il də məktəbimizdə qeyd olundu. Amma bu dəfə daha fərqli bir tərzdə. Belə ki, məktəbimizin nəzdində fəaliyyət göstərən Məktəbəqədər hazırlıq kursunda təhsil alaraq ilkin bilik, bacarıq və vərdişlərə yiyələnən, I sinfə qədəm basacağı günü səbrsizliklə gözləyən körpə fidanlarımız 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə analarını və müəllimlərini öz əl işləri və şeir, mahnı töhvələri ilə təbrik ediblər. Balacaların əl qabiliyyəti və istedadı valideynlərini sevindirərək onlara əsl bayram abu-havası yaşadıb. Artıq bir neçə aydır ki, mütəmadi olaraq kursda fəaliyyət göstərən uşaqlar müəllimlərinin əziyyətinin bəhrəsini layiqli şəkildə göstərməyə nail olublar. Əziz balalar, sizə bundan sonrakı addımlarınızda uğurlar arzlayırıq. Əminik ki, bundan sonra da daim müəllim və valideynlərinizin fəxri olacaqsınız. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən 15 oktyabr tarixindən etibarən Respublika ərazisində fəaliyyət göstərən 89 ümumtəhsil məktəbindən biri də 168 nömrəli tam orta məktəbdir. Məktəb rayon ərazisində bu məqsədlə seçilən tək təhsil müəssisəsidir. Məktəbimizdə həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. 2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi hazırlıq kursunu bitirən uşaqlara rəsmi sənəd – arayış veriləcəkdir.