TARİX YAZAN AZƏRBAYCAN ƏSGƏRİ

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırova 6"B" sinif şagirdlərinin iştirakı ilə “Tarix yazan Azərbaycan ordusu” adlı tədbir keçirib. Şagirdlər ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra qəhrəman əsgərlərimiz, müzəffər ordumuzun cəsur əsgərlərinin həyat yollarıından bəhs edən təqdimatlarını nümayiş etdiriblər. 6"B" sinif şagirdləri öz təqdimatlarında bildiriblər ki, Azərbaycan xalqı üçün bu həyatda ən əziz, qiymətli və müqəddəs bir hiss vardır ki, o da Vətən və vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqdır. Çünki bu vətən Mübariz kimi milləti və vətəni üçün ölümün gözünə dik baxan, ölümün üzərinə təkbaşına gedən, yüzlərlə düşmənlə təkbaşına mübarizə aparan, Polad kimi cəsur, mərd, rütbəcə general olmasına baxmayaraq, öz əsgəri ilə çiyin-çiyinə birlikdə səngərdə döyüşən qəhrəmanlar yetişdirib. Aydan Mustafayeva çıxışında bildirib ki, şəhidlər Vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşanlardır. Nəzrin İsgəndərova təqdimatını “Şəhidlər illər, əsrlər, minilliklər keçməsinə baxmayaraq, heç vaxt unudulmayan qəhrəmanlardır” sözləri ilə başlayıb.Tədbirdə iştirak edən şagirdlərin ürəyində Vətən sevgisi, doğma yurda məhəbbət vardı.Onlar Vətən uğrunda canından keçmiş şəhidlərimizin davamçıları, sabahın əsgərləridir.Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova və Azərbaycan dili müəllimi Gülnarə Həsənova iştirak edib. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş qəhrəman oğullarımızın həyatının bütün xalqımız üçün, o cümlədən, gənclərimiz üçün örnək olduğunu bildiriblər.