MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR
Məktəbdə Müstəqilliyimizin Bərpası Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Məktəbin tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə məktəbin akt zalında “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. İlk öncə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək qəhrəmanlıqla dolu tarixi keçmişimizə nəzər salaraq Müstəqilliyimizin Bərpası Günü haqqında tarixi faktları şagirdlərə çatdırıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıb. Kəmalə müəllim çıxışında 32 il əvvəl -1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi, həmin tarixi dövr barədə şagirdlərə ətraflı məlumat verib. Müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsi haqqında danışıb. Şagirdlər təqdimatlarında dövlətçilik tariximizdən, müzəffər ordumuzun xalqımıza bəxş etdiyi zəfər tariximizdən söhbət açıblar. Sonda şagirdlərin hazırladığı ”Müstəqilliyimiz əbədidir” videoçarxı nümayiş olunub.