Qoy dolanım ana yurdun başına

Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla yad edib.
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qorumaq, iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
Xalqımız uzun illər arzusunda olduğu torpaqlarına qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib.
Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini daha da yüksəltmək məqsədi ilə bu gün məktəbimizdə 7 "B" sinif şagirdləri ilə Anım Gününə həsr olunmuş “Qoy dolanım ana yurdun başına” adlı dəyirmi masa (dərs diskussiya) keçirilib. Şagirdlərə Azərbaycan ərazisinin tarixi və Zəfər Günü haqqında ətraflı məlumat verilib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin torpaqlarımızın azad edilməsi yolunda atdığı addımlardan bəhs olunub. Bildirilib ki, bu tarixdə başayan müharibə dövlət başçısının məqsədyönlü siyasəti və məğrur Azərbaycan əsgərinin igidliyi sayəsində 44 günə qələbə ilə başa çatıb və ictimai-siyasi sabitliyə nail olunub. Həmçinin ölkədə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb. Sonda şagirdlər həmin günü əks etdirən videoçarxlarla və hazırladıqları səhnəciklə dərs diskussiyaya yekun vurublar.