Açıq havada təşkil olunan dərs uşaqların sevincli anlarına səhnə olub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin təsviri incəsənət müəllimi Təhminə Paşayeva tərəfindən təşkil olunmuş və VIII A sinif şagirdlərinin iştirakı ilə Xəzər dənizi sahilində açıq havada dərs keçirilib. Dərsin keçirilməsində əsas məqsəd şagirdlər arasında yaradıcılığı təşviq etmək, onların fərdi bacarıqlarını ön plana çıxarmaq və bu əlamətdar günü yaddaqalan şəkildə qeyd etmək olub.
Açıq məkanda baş tutan dərsdə şagirdlər ağ köynəklər üzərində müxtəlif mövzularda rəngarəng rəsmlər çəkərək öz təsəvvürlərini ifadə edib, günəş, heyvanlar və nağıl qəhrəmanları kimi motivlərlə bəzəyiblər. Əyləncə bununla bitməyib – uşaqlar daha sonra sahildə çərpələnglər uçurdaraq günə xüsusi bir ruh qatıblar.
Səmada süzülən çərpələnglər və yaradıcılıq dolu rəngli köynəkləri dərsə bayram ab-havası bəxş edib. Bu cür təşəbbüslər uşaqların azad və yaradıcı düşüncəsini dəstəkləməklə yanaşı, onların yaddaşında silinməz izlər buraxır.