Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi icra olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə ingilis dili müəllimi Ləman Əlizadənin təşkilatçılığı və VIII sinif şagirdlərinin iştirakı ilə "Happy Dogs Shelter" heyvan sığınacağına ekskursiya təşkil olunub. Sevgi və qayğıya ehtiyacı olan can dostlarımızla görüşmək, onlara yaxın olmaq uşaqlar üçün həm duyğusal, həm də maarifləndirici bir təcrübə olub. Şagirdlər burada heyvanların həyatı, onların ehtiyacları və məsuliyyətli ev heyvanı sahibliyi barədə ətraflı məlumat alıblar. Bəziləri isə gələcəkdə könüllü olmaq və bu dostlarımız üçün daha çox iş görmək istədiklərini söyləyiblər. Bu ekskursiya uşaqların empati qurma bacarığını gücləndirməklə yanaşı eyni zamanda onlara canlılara qarşı mərhəmətli olmağın əhəmiyyətini xatırladıb.
Xatırladaq ki, belə layihələrin keçirilməsinin əsas məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarət olub.