“Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”ın icrasına başlanılıb
Azərbaycan Respublikası dövlət ümumi təhsil müəssisələrində “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”ın pilotunun təsdiq edilməsi barədə təhsil nazirinin əmrinə əsasən 2024-2025-ci tədris ilində “Qaydalar”ın pilot olaraq tətbiq ediləcəyi məktəblər siyahısında 96 nömrəli tam orta məktəbin də adı var. Əmrin icraya qəbulu ilə bağlı məktəb direktorunun müvafiq əmrindən sonra “Qaydaların” tətbiqi istiqamətində təlimatda nəzərdə tutulmuş alqoritmlər üzrə fəaliyyətlərin icrasına başlanılıb. İlk öncə məktəbdə Bullinqlə Mübarizə Şurası təsis edilib. Şuranın sədri və heyəti Nizam İntizam Şurasının sədr və heyəti ilə eyni tərkibdə saxlanılıb. BMŞ ilə NİŞ hər iki çərçivə sənədinin icrası üzrə müvafiq qərarları qəbul edəcək iki fərqli adlı eyni tərkibli qurum kimi fəaliyyət göstərəcək.
29.10.2024-cü il tarixdə BMŞ-in ilk iclası keçirilib. BMŞ-in sədri təşkilatçı Nigar Süleymanova Bullinqlə Mübarizə Rəhbəri (BMR) təyin edilib. Digər BMR isə Uşaq Birliyi Rəhbəri Kəmalə Sadıqova təyin edilib. “Qaydalar”ın tətbiqi üzrə məsul şəxs kimi məktəb direktoru Mehriban Hacıyeva, psixoloq Sevinc Abdullayeva və BMR-lər müəyyən edilib. Şura iclasında layihənin icrası istiqamətində aşağıdakı vacib işlərin növbəti həftə ərzində görülməsi planlaşdırılıb:
1. Məktəbin hər mərtəbəsində bullinq məlumatlarının operativ toplanması və konfedensiallığın təmin edilməsi üçün yalnız məsul şəxslərin baxa biləcəyi məlumat qutularının yerləşdirilməsi
2. Bullinq məlumatlarının göndərilməsi üçün ancaq layihə üçün istifadə olunacaq xüsusi elektron poçt ünvanının yaradılması
3. Şagird Şurasının yaradılması və şura üzvləri arasından xüsusi öhdəliklərin həvalə ediləcəyi moderator və nəzarətçi şagirdlərin təyin edilməsi
4. BMŞ və ŞŞ-in iş planının və iş qrafikinin müəyyən edilməsi
5. Tədris ili ərzində “Bullinqlə mübarizə ayı”nın keçirilməsi
6. BMR-lər tərəfindən “Bullinqin baş verdiyi qaynar nöqtələr”in anonim sorğu ilə müəyyən edilməsi
7. Bullinqlə mübarizə istiqamətində məsul şəxslər tərəfindən tədbirlər planının hazırlanması
8. Növbəti ay ərzində məktəb heyəti və valideyn ictimaiyyəti ilə “Bullinqlə mübarizə qayda və prosedurların tətbiqi” istiqamətində təlimlərin təşkil edilməsi
9.Bullinq qeydiyyat formasının hazırlanması
10. Risk qrupuna daxil olan şagirdlərin siyahısının yenidən müəyyənləşdirilməsi