27 sentyabr - Anım Günü
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Rəşadətli ordumuzun bizə bəxş etdiyi bu böyük qələbənin ildönümünü-27 sentyabr Anım Gününü qeyd etmək məqsədi ilə 26.09.2024-cü il tarixdə məktəbimizin VII sinif şagirdləri ilə dəyirmi masa keçirilib. Məktəb kitabxanasında təşkil edilmiş bu görüşdə məktəbin təşkilatçısı Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova və kitabxanaçı Təranə Cəfərova da iştirak ediblər. Qalib və bütöv Azərbaycanın sabahı olan şagirdlərimiz 44 günlük Vətən müharibəsi dövründə şəhid olmuş igidlərimizin ruhunu hörmətlə və ehtiramla anıblar. Qələbə motivli şeirlər ifa edib, maraqlı təqdimatlar ediblər.