9 May-faşizm üzərində Qələbə Günü

Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın 700 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir.

08.05.2024-cü il tarixdə 96 nömrəli məktəbin akt zalında “9 May-faşizm üzərində Qələbə Günüdür” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, təşkilatın şöbə müdiri polkovnik Adil Haqverdiyev, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb. Daha sonra Qarabağ müharibəsində və İkinci Dünya Müharibəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla anılıb. Tədbirin davamında 1941-1945-ci illəri əks etdirən video material nümayiş etdirilib. Şagirdlərin ifasında “Azərbaycan oğluyam”, “Vətən” mahnıları səslənib. Şagirdlər “Ana və poçtalyon”, “Ay nənə bir nağıl de” əsərlərindən parçaları səhnələşdirərək qonaqlara təqdim ediblər.

Rəsmi hissədə məktəbin direktoru Mehriban Hacıyevanın, Veteranlar təşkilatının sədri Sabir Allahverdiyevin və polkovnik Adil Haqverdiyevin çıxışları dinlənilib. Tədbirin sonunda uşaqlar gələn qonaqlara onları maraqlandıran sualları ünvanlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi