“Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı dəyirmi masa
Məlum olduğu kimi Tərəflərin 29-cu Konfransı Bakı şəhərində keçiriləcək. COP 29-a ev sahibliyi etmək ölkəmiz üçün uğurlu bir addımdır. Belə böyük bir tədbirin ərəfəsində olan ölkənin vətəndaşlarının, eyni zamanda gənc və yeniyetmələrinin bu əlamətdar hadisə, onun mahiyyəti, məqsədi, ölkə üçün əhəmiyyəti barədə məlumatlı olması vacib bir nüansdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi barədə” Tədbirlər Planına əsasən 06.05.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin kitabxanasında 10-cu sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin direktoru Mehriban Hacıyeva, təşkilatçı Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, coğrafiya müəllimi Şəlalə Səmədova və kimya müəllimi Şəbnəm Rəhimova iştirak ediblər. Dəyirmi masada şagirdlərlə COP 29-un məqsədi, ölkəmiz üçün əhəmiyyəti, “yaşıl enerji” anlayışının mahiyyəti, qlobal iqlim dəyişikliklərini yaradan səbəblər və s kimi məsələlər ətrafında geniş müzakirə aparılıb.