"Narkomaniyaya yox deyək" adlı rayon tədbiri keçirilib

20.10.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə Sabunçu Rayon Polis İdarəsi və Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilmiş "Narkomaniyaya yox deyək" adlı rayon tədbiri keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov, 13-cü Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ramil Cəbiyev, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis kapitanı Bəxtiyar Abbasov , Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis mayoru Ata Atayev, həkim-narkoloq Günay Əliyeva və Səhiyyə Nazirliyinin psixoloq həkimi Ofeliya Məmmədova iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Qarabağ şəhidlərinin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Mehriban Hacıyeva gələn qonaqları auditoriyaya təqdim etdikdən sonra narkomaniyanın fəsadları barədə video material nümayiş olunub. Video materialın ardınca şagirdlərin mövzu əhatəsində hazırladıqları səhnəcik təqdim olunub. Bundan sonra görüşün rəsmi hissəsi başlayıb. Çıxışlar ətrafında şagirdləri maraqlandıran suallara cavab verilib. Sonda aktiv iştirakları ilə fərqlənən şagirdlərə Sabunçu Rayon Polis İdarəsinin fəxri fərmanları təqdim edilib.