Şəhidlik zirvəsinə ucalmış atanın əziz xatirəsini andıq
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/169701674165266ba543ca22.25410195.jpg)
Şəhid İlqar Əliyevin adını daşıyan məktəbimiz bu dəfə də bir şəhid adı ilə qoşa anıldı. Lakin, indi şəhidlik zirvəsinə məzunumuz deyil, valideynimiz yüksəlmişdi.
V"A" sinfində təhsil alan Aytən qızımız artıq ən uca titulla çağırılacaq "Şəhid övladı". Bu körpə fidanımızın gözləri atasının və onun kimi bu şərəfli ada layiq görülmüş oğulların qanı, canı bahasına bütövləşən azad Azərbaycana qürurla baxacaq. Aytən atasının məzarı önündə hər dəfə göz yaşlarını əli ilə silib "Vətən sağ olsun!" deyəcək. Bu gün öz sinif yoldaşlarını evlərində qəbul edərkən onlara dediyi kimi: "Vətən sağ olsun!"
Şəhid valideynimiz Rəcəbov Vaqif Yaqub oğlu 23.02.1982-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan 7 nömrəli tam orta məktəbdə alıb. Sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. Naxçıvan Daxili Qoşunlarında xidmət edib. 2013-cü ildən Gəncə Daxili Qoşunlarında gizir kimi fəaliyyət göstərib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Kəlbəcər istiqamətində olan döyüşlərdə iştirak edib. 2023-cü ildə sentyabrın 20-də Ağdərə istiqamətində aparılan antiterror əməliyyatında şəhid olub.
Allah şəhidimizə rəhmət eləsin! Vətən sağ olsun!