Müstəqillik Günün mübarək, Vətən!
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1685094870647081d6f12294.59995839.jpg)
28 may Azərbaycan Respublikasının Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Azərbaycan 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra məhz bu tarixin Müstəqillik Günü kimi seçilməsi təsadüfi deyildir.
Xalqımız üçün ən mühim bayramlardan biri olan Müstəqillik Gününü qeyd etmək, bu əhəmiyyətli gün barədə şagirdlərin təqdimatlarını dinləmək, tariximizin bu şanlı səhifələri ətrafında fikir mübadiləsi aparmaq üçün məktəbin təşkilatçısı Nigar Süleymanova və tarix müəllimi Nəzakət Əzizzadənin rəhbərliyi, X sinif şagirdlərinin iştirakı ilə məktəbdə 26.05.2023-cü il tarixdə maraqlı debat təşkil edilib.