Qızların təhsilinə dəstək olaq, işıqlı sabahlara yol alaq!

05.05.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında "Qızların təhsilinə dəstək olaq, işıqlı sabahlara yol alaq!" adlı tədbir keçirilib.Tədbir Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan tərəfindən prioritetləşdirilmiş 17 əsas məqsədinin reallaşdırılması istiqamətində BŞTİ-nin 2023-cü ildə həyata keçiriləcək maarifləndirmə tədbirlərinin təşkilinə dair fəaliyyət planına istinadən təşkil edilib. Məktəbin VII, VIII, IX sinif qızlarının iştirakı ilə keçirilən tədbirin təşkilatçıları məktəbin tarix müəllimi Nəzakət Əzizzadə, coğrafiya müəllimləri Şəlalə Səmədova və Aytən Məmmədova olublar. Tədbirdə çıxış edənlər sırasında məktəbin ziyalı qadın valideynləri- əməkdar müəllim Gülayə Rzayeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dossent əvəzi, baş müəllimi Tərlan Məmmədova, Azərbaycan Dillər Universitetinin müəllimi Afət Həbibova, 3 saylı Uşaq Poliklinikasının şöbə müdiri Günel İbadova da yer alıblar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbirin aparıcısı Nəzakət Əzizzadə qonaqları salamlayaraq görüşün məqsədi, mahiyyəti barədə məlumat verib. Daha sonra söz alan məktəbin direktoru Mehriban Hacıyeva qızların təhsildən yayınmasının bir dövlətə vura biləcəyi sosial və iqtisadi zərərlərdən danışıb. Bir qız üçün, bir qadın üçün təhsilin gətirə biləcəyi faydaları vurğulayıb. Sağlam gələcəyin savadlı qızların addımları ilə qurulacağını söyləyib. Digər çıxış edənlər də eyni səpkili mövzuda geniş fikir mübadiləsi aparıblar. Tədbir mövzuya aid maraqlı bir video materialın izlənməsi ilə başa çatıb.