""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinə hazırlıq məqsədi ilə onlayn görüş keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1682959085644feaed4608f1.89258717.jpg)
01.05.2023 tarixində BŞTİ-nin müvafiq razılığı ilə və 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həyata keçirilən ""Heydər Əliyev ili"nin ən yaxşı dərsi" müsabiqəsinə hazırlıq məqsədi ilə maarifləndirici onlayn görüş keçirilib. Görüşdə müsabiqədə iştirak edən 96, 55, 56, 57,170, 72, 74, 90, 21 və 7 nömrəli məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və müsabiqəyə qoşulmaq istəyən müəllimlər iştirak ediblər. Görüşdə ilk olaraq həmkarlarını salamlayan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva müsabiqənin məqsədi, formatı, mahiyyəti və gözlənilən nəticələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, müsabiqə üçün onlayn qeydiyyat 01.05.2023- 07.05.2023 tarixləri arasında olacaq. Mehriban Hacıyeva formatdan danışarkən bildirib ki, onlayn qeydiyyatdan keçən müəllimlər tədris apardığı siniflərdən istənilən birində dərs keçir, dərsin mövzusu məhz həmin tarixə proqramda təsadüf edən mövzu olaraq seçilir, dərs başqa biri tərəfindən video qeydə alınır, çəkilmiş video material youtube kanalına yüklənir, paylaşımın linki isə göstərilmiş poçt ünvanına göndərilir. O əlavə edib ki, linklər göndərildikcə təşkilat komitəsi video qeydləri müəyyən edilmiş meyarlara istinadən izləyəcək və qiymətləndirəcək. Sonda qalib olacaq 6 dərsin müəllifi təqdimat mərasimində tamaşaçıların izləməsi üçün çəkilmiş video material əsasında 5 dəqiqəlik video çarx hazırlayacaq. Müsabiqə yekunlaşandan sonra platformaya yüklənmiş bütün dərslərin linkləri iştirakçı məktəblərin müəllim qrupunda paylaşılacaq və beləliklə də, məktəblər arasında təcrübə mübadiləsi üçün məhsuldar imkan yaradılacaq. Daha sonra iştirakçı məktəblərin direktorları çıxış ediblər.7 nömrəli məktəbin direktoru Könül Təhməzova və 56 nömrəli məktəbin direktoru Könül Hüseynova iştirakçı müəllimlərə nümumə dərsləri hazırlayarkən diqqət edilməli nüanslar barədə metodiki tövsiyyələr veriblər. Görüşdə müəllimləri maraqlandıran suallar cavablandırılıb.