Şagirdlərimiz eTwinning çərçivəsində növbəti beynəlxalq layihədə

Uşaqlarda tədqiqatçılıq və təqdimat bacarıqlarını formalaşdırmaq üçün layihə əsaslı tədris məqsədəuyğun təlim vasitəsidir. Məhz bu səbəbdən müəllimlərimiz yerli və beynəlxalq layihələrə qoşularaq şagirdlərin streotipləri qırmasına və onların komandada işləmək vərdişlərinə yiyələnməsinə şərait yaradırlar. Növbəti belə layihələrdən biri 3"B" sinfinin şagirdlərinin müəllimləri Çiçək Daşdəmirova ilə birlikdə qoşulduqları "Your strength, your values" adlı beynəlxalq layihədir. eTwinning çərçivəsində reallaşdırılan bu layihəyə 7 türk məktəbi, 1 ispan məktəbi, 2 ruminiya məktəbi və Azərbaycandan 96 nömrəli tam orta məktəb qoşulub. Layihənin məqsədi şagirdlərə sevgi, mərhəmət, yardımsevərlik, hörmət, qayğı hisləri aşılamaqdır. Onlarda ətraf mühiti qorumaq, suya qənaət etmək, yaşlılara və fiziki qüsurlu insanlara qayğı göstərmək kimi vərdişləri formalaşdırmaqdır. Dəyərləri olan və bu dəyərlərə sadiq vətəndaş yetişdirmək təhsilin əsas qayəsi olduğu üçün bu kimi layihələrdə iştirak şagirdlərimiz üçün müstəsna inkişaf imkanıdır.