Vətəni sevməyi SƏN-dən öyrəndik!

09.03.2023-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında "Vətəni sevməyi SƏN-dən öyrəndik!" adlı tədbir keçirilib.Tədbir Ümummilli Liderin 100 illiyinə və "Heydər Əliyev İli"nə ithafən dərc edilmiş eyniadlı kitabın təqdimatına həsr edilib. Qeyd edək ki, kitabda məktəbin yuxarı sinif şagirdlərinin tədqiqat xarakterli yazıları toplanıb. Bu məqalələri birləşdirən əsas ideya isə Heydər Əliyev irsinin gənc nəslin tərbiyəsində oynadığı mühüm rol və onlara aşıladığı milli, mənəvi və əxlaqi dəyərlərdir. Tədbir Ulu Öndərin əziz xatirəsinin və vətənimiz Azərbaycanın azadlığı, bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğulların müqaddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra dövlət himni səslənib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq kitab haqqında ətraflı məlumat verib, görülmüş işin məqsədi və mahiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Kitabın təqdimatının ardınca söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya verilib. Mehriban xanım çıxışında şagirdlərdə tədqiqatçılıq bacarığını formalaşdıran və onların müstəqil öyrənməsinə təkan verən bu addımı yüksək qiymətləndirərək, bu istiqamətdə görülən işləri tədqirəlayiq hesab edib və davamlı olmasını arzu edib. Tədbirdə kitaba rəy vermiş millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon Yeni Azərbaycan Partiyası təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi Mərkəzinin direktoru Cəlal Allahverdiyev çıxış ediblər. Şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib. Sonda xatirə şəkli çəkilib.