Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəbimizdə olublar

08.02.2023-cü il tarixdə FHN-nin əməkdaşları məktəbimizdə müəllimlərlə, şagirdlərlə və texniki heyətlə görüş keçiriblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq görüşün məqsədini qısa olaraq izah edib və sözü qonaqlara verib. Nazirliyin müxtəlif şöbələrinin məsul şəxsləri bir-bir çıxış edərək şagirdlərə və heyətə fövqəladə hallar zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" xidməti ilə əlaqə haqqında, həmçinin, partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, fəlakətlər zamanı ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi barədə ətraflı məlumat veriblər. Tədbirin sonunda iştirakçılar üçün Nazirliyin fəaliyyətini əks etdirən fotoslaydlar və müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilib. İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə eşidilən çıxışlar və nümayiş etdirilən materiallar iştirakçılar tərəfindən maraqla qarşılanıb.