Şəhidimiz İlqar Əliyevin doğum günü qeyd edilib
25 noyabr şəhidimiz İlqar Əliyevin doğum günüdür. 96 nömrəli tam orta məktəb 1993-cü ildən İlqar Əliyevin adını qürurla daşıyır. İlqar Əliyev bu məktəbin öz məzunu olub və o 8-ci sinfi burada bitirərək təhsilini peşə liseyində davam etdirib. İlqar Əliyev 1989-1991-ci illərdə Ağdam, Şuşa, Xocalı ətrafında gedən döyüşlərdə iştirak edib. O 1991-ci ildə Goranboy yaxınlığındakı döyüşdə igidliklə vuruşaraq həlak olub.
Bu gün İlqar Əliyevin doğum günü məktəbimizdə yüksək səviyyədə qeyd edilib. Onun həyat yoldaşı Sədaqət xanım və bacısı Südabə xanım da rəhbərliyin dəvəti ilə tədbirdə iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Mehriban Hacıyeva öz çıxışını İlqar Əliyevin və onun timsalında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. O İlqar Əliyevin cəsur döyüş yolundan söz salaraq onun qısa, lakin şərəfli həyat yolunun təkcə 96 nömrəli məktəbin şagirdləri üçün deyil, eyni zamanda bütün Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulayıb. Daha sonra İlqar Əliyevin həyat yoldaşı Sədaqət xanıma söz verilib. Tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik mövzusunda mahnılar, şeirlər ifa edib, səhnəciklər təqdim ediblər. Tədbirdə IV sinif şagirdlərinin təntənəli surətdə and içərək məktəbin Uşaq Birliyi Təşkilatına qəbul olunması da həyata keçirilib.