"Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi uğurla icra edilir
Məktəbimizdə Azərbaycan təhsil sistemi üçün hazırlanmış və bu tədris ilindən pilot olaraq tətbiq olunmağa başlamış uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi uğurla icra olunur. Bu iş üçün təlimatlandırılmış işçi qrupu sinif rəhbərləri, şagirdlər və valideynlərlə mütəmadi görüşlər təşkil edərək zorakılığın hər hansı bir formasına məruz qalmış, eləcə də sosial baxımsız olan şagirdlərlə bağlı situasiyaları vaxtında aşkarlayaraq bu istiqamətdə gərəkli işləri operativ şəkildə görürlər. Məktəbin bir guşəsində yerləşdirilmiş dinləmə qutusu uşaqlara və valideynlərə, eləcə də müəllimlərə rast olduqları və ya özlərinin məruz qaldıqları bu kimi hallar barədə heç kimin diqqətini çəkmədən işçi qrupuna məlumat verməyə imkan verir. Məktəb divarlarına layihənin işi və aidiyyəti şəxslərə müraciət etmək yolları barədə maarifləndirici posterlər vurulub. Siqnal alınmış və tədbir görülmüş bütün hallar barədə formalar doldurularaq işçi qrupun iş portfolyosunda saxlanılır.