Valideyn icması ilə məktəb rəhbərliyinin distant görüşü keçirilib

13.09.2022-ci il tarixində saat 20.00-da məktəbin ümumi valideyn icması ilə (I-XI)) məktəb rəhbərliyinin Teams platforması üzərindən distant görüşü keçirilib. Görüşdə təxminən 300 valideyn, 50-yə yaxin müəllim, direktor və direktor müavinləri, məktəb psixoloqu, UBR iştirak edib. İki saata yaxın davam edən görüşdə tədris ili öncəsi valideynləri narahat edən bir çox məsələlərə aydınlıq gətirilib. İclasda çıxış edən məktəbin direktoru Mehriban Hacıyeva məktəbli forması ilə bağlı əsassız narahatlıqlara bir daha toxunaraq Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin məsələyə münasibətini və mövzu ilə bağlı bəyan etdikləri fikirləri valideynlərin nəzərinə çatdırıb. Eyni zamanda ölkənin bugünkü gündəminə diqqət çəkən direktor valideynləri Bilik Günü tədbirinə daha həssas yanaşmağa, gərəksiz təmtəraqa, əyləncəyə, kütləvi izdihama yol vermədən, rəsmi şəkildə şagirdlərin qəbul olunmasına dəstək olmağa çağırıb və rəhbər instansiyaların da da bu məsələyə dair məktəb rəhbərlərinə çatdırılmış tövsiyələrini də xüsusi ilə vurğulayıb. Daha sonra I və X siniflərin komplektləşdirilməsi, məktəbin daxili intizam qaydaları, şagird davamiyyəti və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb. Müavinlərin, müəllimlərin fikirləri eşidilib. Söz istəyən valideynlər dinlənilib. Onları maraqlandıran suallar cavablandırılıb.