Yay məktəbində bir gün
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/165583346662b2037a9a0845.97536498.jpg)
21.06.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə təşkil edilmiş Yay məktəbinin bir gününü izləmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun əməkdaşları Sevinc Əzimova və Şəhanə Bağırova məktəbimizdə qonaq olublar. Məktəbin həyətyanı sahəsində təşkil edilmiş Yay məktəbində şagirdlərimiz qonaqları hazırladıqları gözəl dekorlar, maraqlı təqdimatlar, şeirlər, mahnılarla qarşılayıblar. Müəllimlərin uşaqlarla keçirdikləri innovativ, maraqlı aktivitələr və valideynlərin də Yay məktəbində fəal dinləyici və texniki məsələlərdə müəllimlərə köməkçi kimi iştirakı qonaqların diqqətindən yayınmayıb. "Yay məktəbində bir gün" layihəsi çərçivəsində 6"A", 5"A", 7"B", 5"B", 8"A" sinif şagirdlərinin maraqlı dərs nümunələri izləyicilərə təqdim olunub. 8-cilər fizika dərsində müəllim Sevda Əsgərlinin rəhbərliyi ilə fiziki kəmiyyətləri və onların vahidlərini tapıb doğru yerləşdirilməyi tələb edən maraqlı bir krossvord oyunu keçiriblər. 7-ci sinif şagirdlərimiz coğrafiya dərsində müəllim Şəlalə Səmədovanın təşkilatçılığı ilə "Ekoloji məhkəmə iclası" qurublar. Litosfer, Hidrosfer, Biosfer və Atmosfer arasında yaranmış ekoloji mübahisəni həll etməyə çalışan hakim sonda bütün tərəflərin marağını təmin edən humanist bir qərar qəbul edə bilib. 5"A" sinfi riyaziyyat dərsində müəllim Fatimə Hacıyevanın müəllifliyi ilə həndəsi fiqurların mübahisəsini təqdim edib. Hər şagird bir fiquru canlandıraraq onun müxtəlif riyazi xüsusiyyətlərindən danışıb. 5"B" və 6"A" sinif şagirdləri şahmat, dama oyunları oynayıb, müxtəlif şeirlər söyləyiblər. 2"A" sinif şagirdləri "Meyvələrin bəhsi" səhnəciyini, 2"B" sinif şagirdləri "Künc tutma" oyununu, 2"C" sinif şagirdləri hərflər və rəqəmlərlə qurulmuş krossvord oyunu, 3"C" sinif şagirdləri "Kərpickəsən kişinin dastanı" əsərindən səhnələşdirilmiş parçanı, 3"B" sinif şagirdləri "Ana və "2" qiymət almış övladın söhbəti"ni, 3"A" sinif şagirdlər şeir müsabiqəsini, 4"A", 4"B", 4"C" sinif şagirdləri isə öz aralarında təşkil etdikləri şahmat yarışını təqdim ediblər. Sonda musiqi müəllimi Könül Uğurluyevanın rəhbərliyi ilə istedadlı şagirdlərin mahnı və rəqs ifaları nümayiş etdirilib. Məktəbin həyətində şagirdlərin əl işlərindən, çəkdikləri rəsmlərdən ibarət sərgi yaradılaraq qonaqlara və valideynlərə təqdim edilib. Rəssam şagirdlərimiz elə dərs prosesində müxtəlif rəsmlər çəkərək uğurlu iş ortaya çıxara biliblər. 96 nömrəli məktəbdə Yay məktəbində bir gün - 21.06.2022-ci il tarixi maraqlı, rəngarəng və yaddaqalan olub