"Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" layihəsinin bu tədris ili üçün yekun hesabat görüşü keçirilib
10.05.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbdə təşəbbüskarı və ideya müəllifi məktəb rəhbərliyi olan "Könüllü valideyn, məhsuldar müəllin, xoşbəxt şagird" layihəsinin 2021-2022-ci tədris ili üçün yekun hesabat görüşü keçirilib. Görüşdə məktəb rəhbərliyi, məktəbin ibtidai sinif müəllimləri və layihəyə qoşulmuş 60 könüllü valideyn iştirak edib.Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Hacıyeva öncə layihə barədə ümumi məlumat verib. O qeyd edib ki, aprel ayından ibtidai sinif pilləsində tətbiqinə başlanılmış bu layihə gözləntiləri doğrulda bilib. Qarşıya qoyulmuş məqsədləri reallaşdırmağı bir komanda işi ilə bacaran layihə iştirakçıları, əsasən valideyn məmnuniyyətini, qarşılıqlı məsuliyyətin artırılmasını, məktəbin ictimaiyyət üçün əlçatanlığını, düzgün informasiya təminatını və şagird üçün məktəb mühitini doğmalaşdırmağı hədəf qoyaraq, bütün bu gözləntiləri doğrultmağı bacarıb. Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, UBR Kəmalə Nəbiyeva, layihəyə qoşulmuş 12 ibtidai sinif müəllimi və könüllü valideynlər öz təəssüratlarını bölüşüblər. Layihənin onların həyatında müsbət rol oynadığını qeyd edən valideynlər onu da vurğulayıblar ki, bu layihə onların daha da sosiallaşmağına, sinif otaqlarındakı əsl mənzərəni görmələrinə, müəllimin əməyinin ağırlığına real şahidlik etmələrinə, övladlarının nəzərlərində daha önəmli sima qazanmalarına şərait yaradıb. Rəhbərliyə təşəkkür edən könüllülər gələn tədris ili yeni həvəs və coşqu ilə öz işlərinə davam etmək üçün səbirsizliklə gözlədiklərini dilə gətiriblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.