28 may Müstəqillik Günü qeyd olunub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1653637302629080b650dfb1.45702396.jpg)
27.05.2022-ci il tarixdə 96 nömrəli məktəbin həyətində 28 may – Respublika günü təntənəli şəkildə qeyd olunub. Parad əhval-ruhiyyəsində olan bu tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva şagirdlərə günün özəlliyi haqqında danışıb. O qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, onun varlığına bolşeviklər tərəfindən son qoyulub. Lakin, bununla belə xalqın istiqlal arzusu ölməyib. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olunub. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir və 1990-cı ildən 28 may tarixi ölkəmizdə Respublika günü kimi qeyd olunur.
Daha sonra söz tədbirdə iştirak edən Vətən qazilərinə verilib. Tədbir şagirdlərimizin ifasında səslənən mahnılarla, şeirlərlə, nümayiş etdirilən rəqslərlə, məktəbin tarix müəllimləri Şeyda Hüseynova, Nəzakət Əzizzadənin çıxışları ilə davam edib. Sonda ulu öndər Heydər Əliyevin öz səsindən səslənən "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" cümləsinin sədası altında şagirdlərin əllərindəki üçrəngli şarlar səmaya buraxılıb.