Möhtəşəm "Oxu günü" tədbiri keçirilib
Şagirdlərin şəxsiyyət kimi formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülün, məntiqi təfəkkürün inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin rolunu nəzərə alaraq, milli dəyərlərin, mənəvi irsin qorunması zəminində Azərbaycan Respublikası Təhsil nazirinin 04 aprel, 2019-cu il tarixli F-103 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinə əsasən 96 nömrəli tam orta məktəbdə 22.04.2022-ci il tarixində möhtəşəm "Oxu günü" tədbiri keçirilib. Tədbir məktəbin 15-ə yaxın sinfini əhatə edib. Öncə şagirdlər məktəb foyesində hər bir sinfin ayrıca yaratdığı sinif kitab güşələrində sərgilənən kitab irsi ilə tanış olublar. Uşaqlar kitab sərgisində maraqlarına uyğun hesab etdikləri kitabları kitabın aid olduğu sinif kitab güşəsinə nəzarət edən şəxsin qeyd dəftərinə adlarını yazdırmaqla oxumaq üçün götürüblər. Daha sonra hər bir sinfin yaratdığı guşə ətrafında həmin sinfin şagirdlərinin seçərək səhnələşdirdikləri bədii əsərlərin rollu ifası nümayiş etdirilib.Tədbirdə iştirak edən məktəb rəhbərliyi, müəllimlər, valideynlər uşaqların səhnələşdirdikləri Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı" hekayəsini, "Leyli və Məcnun" poemasından anasının Leyliyə nəsihətini, "Meyvələrin bəhsi" mənzum hekayəsini, S.S.Axundovun" Qaraca qız" hekayəsini, "Turpun nağılını", "Qoğalın nağılını" böyük maraqla izləyiblər. Daha sonra fidanlarımız Oqtay Zülfüqarovun "Sərçə", "Nənəm evdə tək qalıb", "Sünbülüm", "Tonqalımız" kimi mahnılarını ifa edib, rəqs ediblər.