"Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" adlı layihəmizin açılış mərasimi keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1649219970624d19825b0d91.56648375.jpg)
05.04.2022-ci il tarixində İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbdə daha bir ilkə imza atılıb. Məktəbin direktoru Mehriban Hacıyevanın ideya müəllifi və təşəbbüskarı olduğu "Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird" adlı layihənin açılış mərasimi keçirilib. Layihənin məqsədi valideyn ictimaiyyətinin məktəb həyatında daha sıx iştirakına şərait yaratmaq, məktəbin cəmiyyət üçün əlçatanlığını və açıqlığını təmin etmək, şagirdlər üçün tədris mühitini daha doğma və sağlam etmək üçün valideyn iştirakından səmərəli yararlanmaq, məktəb-valideyn münasibətlərində qarşılıqlı məsuliyyət və öhdəlikləri artırmaq, müəllim məhsuldarlığını yüksəltmək, xoşbəxt məktəb modelinə yaxınlaşmaq olub. Layihənin məzmunu məktəbin ibtidai təhsil səviyyəsində fəaliyyət göstərən 12 sinifdə seçmə üsulu ilə hər sinif üzrə 5 valideyn olmaqla layihə iştirakçılarını müəyyənləşdirmək, hər valideynin həftənin bir günü müəllimlə birgə təlim-tərbiyə prosesində iştirakını təmin etmək, beləcə tədris prosesinin izlənməsinə və prosesin iştirakçısına çevrilməsinə valideynə müəyyən şərait yaratmaq, bununla da ictimaiyyətin məktəb həyatı haqqında düzgün məlumatlanmasına, məktəbdəki proseslərin, öyrənmə mühitinin doğru qiymətləndirilməsinə zəmin yaratmaqdan ibarətdir. Açılış tədbiri məktəbin direktoru Mehriban Hacıyevanın çıxışı ilə başlayıb.O valideynlərə və ibtidai sinif müəllimlərinə layihə haqqında geniş məlumat verib. Gözlənilən nəticələrdən və layihə çərçivəsində görüləcək işlərdən danışıb. Tədbir iştirakçıları üçün layihənin mahiyyətini açan video təqdimat nümayiş etdirilib. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, məktəbin psixoloqu Sevinc Abdullayeva və UBR Kəmalə Sadıqovanın mövzu ətrafında geniş çıxışı dinlənilib. Valideynlərin suallarına cavab verilib.Tədbirin sonunda valideynlərə doldurmaq üçün sorğu vərəqləri təqdim edilib. Növbəti mərhələdə bu sorğu vərəqləri əsasında hər sinif üzrə ən uyğun 5 valideyn müəyyənləşdirilib, həftənin 4-cü və 5-ci günü iki günlük təlimlərə cəlb ediləcək. Yeni həftədən isə layihənin ibtidai təhsil səviyyəsində tətbiqinə başlanacaq. Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya və BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanovaya məktəb rəhbərliyi adından təşəkkür edirik və layihənin icrasının həftəlik hesabatlılığının təmini və uğurlu tətbiqi üçün əlimizdən gələni əsirgəməyəcəyimizə, göstərilən etimadı doğruldacağımıza söz veririk.