Məktəbimizdə yaradılmış şagird-ekspertlər qrupunun rəhbərliklə ilk görüşü keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16485531316242ecab698aa0.28781406.jpg)
Şagirdlərin tədris prosesi, məktəbdəki psixoloji mühit haqqındakı real düşüncələrini, onların uğurlu və ya uğursuz akademik fəaliyyətlərinin əsasında dayanan obyektiv səbəbləri, fənlərə olan maraq və ya etinasızlıqlarına təkan verən amillər barədə arqumentlərini, şagirdlərin məktəb rəhbərliyinin və sinif rəhbərlərinin inzibati fəaliyyəti barədə qənaətlərini, siniflərdəki ümumi atmosferi, müəllim-şagird münasibətlərinin real vəziyyəti barədə ətraflı öyrənmək və şagirdlərin əsaslı iradları və ya prosesə məhsuldarlıq verə biləcək arzuları istiqamətində müəyyən işlər görmək məqsədi ilə məktəbimizdə 8,9,10 və 11-ci siniflər üzrə, hər sinifdən bir nəfər orta akademik göstəricilərə və intizamlı davranışa sahib şagird seçməklə məktəb rəhbərliyi tərəfindən şagird-ekspertlər qrupu yaradılıb. 29.03.2022-ci il tarixində şagird-ekspertlər qrupu ilə rəhbərliyin ilk görüşü keçirilib. 13 şagirddən ibarət qrupun hər bir üzvünün fikirləri dinlənilib. Görüşdə iştirak edən məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova və Nigar Süleymanova, məktəbin psixoloqu Sevinc Abdullayeva şagirdlərə məktəbdə sosial-psixoloji mühitdə, tədris prosesində, ünsiyyət, əməkdaşlıq məsələlərində onları qane edən və ya etməyən nüanslar barədə suallar ünvanlayıblar. Şagirdlər öz düşüncələrini bölüşdükdən sonra rəhbərlik onların vəziyyəti daha yaxşı etmək, tədris mühitini və şagird auditoriyasını stimullaşdırmaq istiqamətində verdikləri təklifləri dinləyib, müəyyən qeydlər aparıblar.Qarşılıqlı, məhsuldar fikir mübadiləsi şəraitində görüş davam edib.