"İlaxır çərşənbəniz mübarək!" adlı tədbir qeyd edilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16473718056230e61daa9926.21206866.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03 2022-ci il tarixli F-85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi" Tədbirlər Planının icrası istiqamətində 15.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə "İlaxır çərşənbəniz mübarək!" adlı bayram tədbiri keçirilib. Azərbaycan xalqının ən əziz bayramı olan Novruzun adətlərini öz təqdimatlarında əks etdirən körpə fidanlar Novruz qoxulu, yaz ətirli mahnılar, şeirlər ifa ediblər. Novruz çərşənbələri, yaz təmizliyi, təbiətin oyanışı haqqında eşitdikləri, oxuduqları məlumatları tamaşaçılarla bölüşən şagirdlərimiz səhnəyə kosanı, keçəli çağırıb, rəqs edib, yumurta döyüşüb, qulaq falına çıxıblar. Hər yana bahar sevinci səpən, üzlərindən, gözlərindən yaz gülüşü yağan uşaqlar tədbiri izləyənlərə əsl bayram abu-havası yaşadıblar.