Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maraqlı təqdimatlar keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1646135574621e09161202e1.19732878.jpg)
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilib.
Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Təşkilatın vəzifələri həm müasir müharibələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlib. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Bu günün hər il məktəblərdə keçirilməsində məqsəd şagirdləri fövqaladə vəziyyətlərə hazırlamaq, onları bu mövzuda məlumatlı və təşkilatlandırılmış etməkdir. Elə məhz bu niyyətlə də, 01.03.2022-ci il tarixində məktəbimizin müxtəlif siniflərində bu səpkidə təqdimatlar edilib, maarifləndirici məlumatlar verilib, rollu səhnəciklər düzəldilib.