Ölümü ömür seçənlər
16.02.2022-ci il tarixində Şuşa ili çərçivəsində İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbdə “Ölümü ömür seçənlər” adlı möhtəşəm bir tədbir olub. Tədbir AMEA Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının müəllifi olduğu 44 günlük Vətən müharibəsində canını fəda etmiş 39 Vətən fədaisinin qısa, amma şərəfli , örnək həyat və döyüş yolunu əks etdirən oçerklərin toplandığı eyni adlı kitabının təqdimatına həsr edilib. Tədbirdən öncə məktəbə dəvət almış və övladlarının adı bu kitabda əbədiləşdirilmiş Vətən şəhidlərinin yaxınlarından tədbirə gəlmək və iştirak etmək imkanı olan 8 şəhid ailəsi məktəbin 8 sinif otağında övladlarına həsr edilən xatirə guşələrinin açılışında olublar. Onlar şagirdlərlə, müəllimlərlə söhbət edib, şəhidlərimizin xatirələrini bölüşüb, şagirdlərimizin şəhidlərə, vətənə həsr etdiyi şeirləri, mahniları dinləyiblər. Adları siniflərdə əbədiləşdirilmiş 8 şəhidimizin -Quliyev Ramil Nuralı oğlu, Babayev Ramil Taqət oğlu, Eyyubov Tural Yadulla oğlu, Kərimov Zaur Saleh oğlu, İmamverdiyev Elnur Vəfadar oğlu, Ömərov Qoşqar Səxavət oğlu, Hüseynov Fərrux Baxış oğlu, Səlimov Şiralı Vüqar oğlunun doğmaları və yaxınları daha sonra məktəbin akt zalında təşkil edilmiş tədbirə qatılıblar. Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq, 20 yanvar faciəsi ilə başlayıb Xocalı faciəsinə qədər uzanan I Qarabağ və zəfər müjdəsi ilə sonlanan II Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla anmağı təklif edib. Mehriban müəllim şəhid analarına “Sizin borcunuz ödənməz. Başınızı dik tutun. Sizin övladlarınız tarix yazıb. Onlar bizim zəfər müjdəçilərimiz, azadlıq carçılarımızdır” deyib. 39 şəhidin şəkilləri və məlumatları əks olunmuş video-slaydın nümayişindən sonra 96 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub. Daha sonra söz kitabın müəllifi Yaqut Bahadurqızına verilib. Yaqut xanım kitabın ərsəyə gəldiyi 10 ay müddətində şəhid ailələri ilə keçirdiyi vaxtların təəssüratlarını bölüşüb, şəhid yaxınlarını səhnəyə dəvət edib. Şəhid doğmalarına söz verildikcə həmin şəhidin haqqında video material nümayiş etdirilib. Tədbir iştirakçılarını göz yaşlarına boğan şəhid anaları böyük acılarına rəğmən məğrur dayanaraq “Bizim övladlarımız ölməyib, onlar xalqın qəlbində, vətənin tarixində əbədiləşib, ölümsüzləşiblər” deyiblər. Tədbir Vətən yolunda sağlamlıqlarını itirmiş qazilərimiz- kapitan Hüseynov İlqar Mahmud oğlu, mayor Məlikov Rəşad Murad oğlu və gizir Qurbanov Eldar Həsən oğlunun çıxışları ilə davam edib. Bundan sonra 10-cu sinif şagirdi Məmmədova Aysel şəhid müəllim, 26 yaşında canını Vətən yolunda fəda etmiş, MİQ imtahanında 57 bal toplayaraq kənd məktəbində riyaziyyat müəllimi işləmiş, yaşasaydı fevralın 9-da 28 yaşını qeyd edecek olan Qoşqar müəllimə ünvanladığı həzin notlu, eyni zamanda qürur və məğrurluq ifadə edən məktubunu səsləndirib. Tədbir Zəfər marşının ifası ilə başa çatıb. Bu möhtəşəm tədbirdə məktəbin X, XI sinif şagirdləri, onların valideynləri və media nümayəndələri də iştirak ediblər.