Xətai rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilib

15 noyabr  Xətai rayon İcra Hakimiyyətində  “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcək  məktəblilər, onların valideynləri və müəllimləri ilə görüş keçirilib. Məktəblilərlə görüşdə  rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon Təşkilatının sədri Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon Şöbəsinin rəisi İlham Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova iştirak ediblər.
          İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tur aksiyada iştirak edəcək qrupun rəhbəri kimi səfər hazırlıqları ilə bağlı məlumat verib. Qeyd olunub ki, bu dərs ilinin ilk tətilini rayonun bütün məktəblərini təmsil edən, əla və yaxşı qiymətlərlə oxuyan 9-11-ci sinif şagirdlərindən 40 nəfəri Gəncə-Şəmkir və Göygöl rayonlarında keçirəcəklər. Proqram kifayət qədər zəngindir.
         Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə çıxışında uşaqlara, valideynlərə və müəllimlərə tövsiyyələrini bildirərək qeyd etdi ki, Prezident  İlham Əliyevin bu təşəbbüsünün  millətimizin, xalqımızın gələcəyi olan bu məktəblilərin Vətənə məhəbbətinin güclənməsinə son dərəcə böyük təsiri olmuşdur. Dünənə qədər, Gəncəni, Qubanı, Şəkini, Lənkəranı görməyi xəyalına belə gətirməyən bir çox şagirdlərimizin indi bu bölgələrin hər birində öz dostları var. Bu dostları da onlar məhz bu tur-aksiyalarda qazanıblar.
        Noyabrın 16-da sübh tezdən "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Xətai rayon İcra hakimiyyətinin rəhbərliyi ilə məktəbimizin şagirdi Nilufər  Məmmədovanın da qatıldığı məktəbliləri yola salmaq üçün Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, icra hakimiyyəti aparatının məsul şəxsləri və orta məktəblərin direktorları ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan və təmtaraqla bəzədilmiş parka toplaşmışdılar. Əyinlərində Azərbaycan bayrağındakı rənglərə uyğun gödəkçələr geyinmiş 40 məktəbli gənc Ulu Öndərin abidəsi önündə möhtəşəm və canlı bir bayraq görkəmi almışdı. Tədbir içtirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etdilər. Sonra konsert proqramına start verildi. Konsert proqramından sonra icra başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov  uşaqlara yaxşı yol arzulayıb tövsiyyə və məsləhətlərini verdilər və hamı Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirməyə toplaşdı. Bir neçə dəqiqədən sonra səfərə çıxan gənclər üçrəngli bayrağa təzim edib onlar üçün ayrılmış avtobusla Dövlət yol polisinin müşayiəti ilə  qədim Gəncəyə, məktəb illərinə unudulmaz anlar yazacaq səyahətə yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi