“Son zəng” tədbiri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil müəssisələrində "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimatı və Məktəbin Fəaliyyət Planına uyğun olaraq 14.06.2025-ci il tarixində məktəbin həyətyanı sahəsində pedaqoji heyətin, Şəhid ailələrinin, valideynlərin və şagirdlərin iştirakı ilə ənənəvi "Son zəng" tədbiri keçirilmişdir. İlk öncə, tədbirə başlamamışdan qabaq qonaqların, rəhbərliyin və məzunların iştirakı ilə canını vətən, torpaq uğrunda fəda etmiş Şəhidlərimizin məktəb həyətindəki "Abidə" kompleksinə güllər qoyulub və yad olunublar. Saat 10:00-da isə, tədbir başlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı uğrunda Şəhid olmuş qəhrəman oğullarımızın xatirəsinin anılması ilə davam etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzedicisi Səidə Əhmədova qonaqları və iştirakçıları səmimi salamlamış, məzunları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. O, çıxışında bildirdi ki, bu gün məktəb üçün həm sevincli, həm də kədərli bir gündür: “Sevincimiz ondan ibarətdir ki, biz məktəbimizin daha bir buraxılışını qeyd edirik, kədərimiz isə şagirdlərimizlə vidalaşmaq zərurətində olmağımızdır. İnanırıq ki, bu gənclər gələcəkdə Vətənə, xalqa layiqli övladlar olacaqlar."
Daha sonra Şəhid ailələrinə,qazilərə söz verildi,onların məzunlara arzuları dinlənildi.
Eləcə də məktəb rəhbərliyi,müəllimlər və valideynlər də çıxış edərək məzunları təbrik edib arzularını bildirdilər.
Tədbir məktəbin 11-ci sinif şagirdlərinin çıxışları ilə davam etdi. Ənənəyə uyğun olaraq, məktəbin yüksək bal toplayan məzunu Qurbanova Gülçin simvolik olaraq “Bilik açarı”nı 10-cu sinif şagirdi Aydan Göyüşovaya təhvil verdi. Bu jest məktəbin tədris ənənələrinin davamlılığını və təhsilə olan dəyəri ifadə edir.
Daha sonra direktor əvəzedicisi Səidə Əhmədova və təlim - tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərovanın iştirakı ilə buraxılış imtahanında yüksək bal toplayan məzunlara "Fəxri-Fərman" təqdim olundu. Qeyd edək ki, bu məzunların əksəriyyəti 11"A"sinfinin məzunları idi.Eləcə də "Qırmızı attestata layiq görülən 9 məzunumuzun 8 nəfəri 11"A", 1 nəfər isə, 11"B" siniflərinin məzunlarıdır. Tədbirin sonunda “Son zəng” səsi eşidildi. Bu səs şagirdlərin məktəb həyatı ilə vidalaşmasını simvolizə edir, onların yeni bir həyata – tələbəlik və yetkinlik mərhələsinə qədəm qoyduqlarını bildirirdi.
Son zəngin çalınması ilə tədbir başa çatıb, məzunlar musiqi sədaları altında səhnəni tərk ediblər.