Misirxanov Elxan Sərxan oğlu 7 iyun 1973-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Elxan 71№-li tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. Müəllimləri Elxanın tərbiyəli,vətənpərvər şagird olduğunu söyləyirlər. 71№-li tam orta məktəbi bitirəndən sonra Elxan 2№-li Dəmir Yolu Texniki peşə məktəbinə qəbul olunmuşdur. Peşə məktəbini bitirdikdən sonra 1991-ci il iyun ayının 4-də Sovet ordusunda, Kiyev şəhərində hərbi xidmətə başlamışdır. Lakin SSRİ-nin süqutundan sonra Kiyevdə hərbi xidməti yarımçıq qoyaraq vətənə dönmüşdür. O, Qarabağ döyüşləri zamanı könüllü olaraq döyüşlərə getmiş, 1992-ci ildə ayağından yaralanaraq hərbi qospitala düşmüş, lakin tam sağalmadan müalicəni yarımçıq qoyaraq ,yenidən döyüş bölgəsinə yollanmışdır. 1993-cü ildə Martuni uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş,yaralanmış yoldaşlarının düşmən əlinə keçməməsi üçün xüsusi fədakarlıq göstərərkən erməni gülləsinə tuş gələrək şəhid olmuşdur. Elxan Misirxanov Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq, 18 aprel 1994-cü ildə oxuduğu 71№-li tam orta məktəbə adı verilmişdir.Məktəbin girişində şəhidin büstü ucaldılıb. Elxan və onun kimi qəhrəman oğullarımızın xatirəsi daim qəlblərdə yaşayacaqdır.