“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib
22.03.2023
17.03.2023-cü il tarixdə 71 nömrəli tam orta məktəbdə Rayon Polis İdarəsi və Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılğı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib və sonra Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Yasin Quliyevə verilib.
Məktəb direktoru əvvəlcə qonaqları-polis polkovniki Sədi İsmayılovu, polis kapitanı Ata Atayevi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyevi, həkim narkoloq Günay Əliyevanı, Səhiyyə Nazirliyinin psixoloqu Ofeliya Məmmədovanı salamlayaraq onları tədbir iştirakçılarına təqdim edib və daha sonra öz çıxışında ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən və maarifləndirici təbirlərin əhəmiyyətindən danışıb və bu cür tədbirlərin vaxtaşırı keçirilməyinin müsbət tərəfləri haqqında fikirlərini bildirib. Sonra isə, söz məktəbimizin şagirdlərinə verilib. Şagirdlərimizin ifasında bu aktual mövzu üzrə hazırlanan tamaşa və videoslayd tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra isə,çıxış üçün söz qonaqlara verilib.
Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Sədi İsmayılov rayon ərazisində polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış fəaliyyətindən, narkotik vasitələrin təbliğ edilməsi cəhdləri ilə bağlı məsələlərə toxunub və eləcə də daxili işlər orqanlarının ictimaiyyət tərəfindən dəstəklənməsinin, xüsusən cəmiyyətin aparıcı qüvvələri olan gənclərin maarifləndirici tədbirlərdə iştirak etməsinin vacib olduğunu, son dövlərdə bu dəstəyin nəzərəçarpacaq qədər artdığını qeyd edib.
Paytaxtda gəncləri narkomaniya və erkən nikahdan, digər zərərli vərdişlərdən çəkindirmək üçün keçirilən tədbirlər barədə çıxış edən Həsən Əliyev də yalnız birgə fəaliyyət sayəsində qlobal probelmin həll edilə biləcəyini, aparılan mübarizənin daha səmərəli olacağını qeyd edib.
Mövzu ətrafında çıxış edən həkim-narkoloq Günay Əliyeva və psixoloq Ofeliya Məmmədova narkotik vasitələrin insan orqanizmində törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər.
Məktəb rəhbərliyinin başçılığı və şagirdlərin iştirakı ilə mövzu üzrə hazırlanan səhnəciklər maraqla qarşılanıb. Sonda fəal şagirdlər diplomla mükafatlandırılıb.